"Qəza ilə bağlı Azərbaycan XİN-lə danışıqlar aparılmayıb" - Rusiya XİN
Rusiya Federasiyası Azərbaycan və Qazaxıstan Xarici İşlər Nazirliklərinin nümayəndələri ilə Aktau yaxınlığında baş vermiş təyyarə qəzası versiyalarının hazırlanması ilə bağlı danışıqlar aparmayıb.
Xeberlent.az xəbər verir ki, bu barədə Rusiya diplomatik departamentinin məlumatında deyilir.
"İnternetdə NATO ölkələrində yerləşən xarici agentlərin təhriki ilə Rusiya Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatının bəzi yüksək rütbəli əməkdaşlarının Azərbaycan və Qazaxıstan Xarici İşlər Nazirliklərinin nümayəndələri ilə danışıqlar aparması barədə saxta məlumatlar yayılır. 2024-cü il dekabrın 25-də Aktau şəhərində baş vermiş təyyarə qəzası ilə bağlı versiyaların hazırlanmasında bu ölkələrin xarici siyasət idarələri ilə heç bir müzakirə aparılmayıb", - XİN-in açıqlamasında qeyd olunub.
Nazirlik qeyd edib ki, bu cür zərərli dezinformasiyanın arxasında siyasi sifariş dayanır.
Həmçinin bildirilib ki, təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı müvafiq şöbələr tərəfindən araşdırma aparılır.